Xəsislikdən çəkinmək
Xəsislik Quranda bildirilən pis əxlaq xüsusiyyətlərindəndir. Malın və mülkün əsl sahibinin Allah olduğunu qavraya bilməyən insanlar sahib olduqları imkanlara həvəslə bağlanır və onların sonsuza qədər özlərində qalacağını zənn edirlər. Ya da sahib olduqları var-dövlətə görə heç bir zərər görməyəcəklərini, maddi imkanlarının onları qoruyacağını zənn edirlər. Halbuki mal-dövlətə güvənib etibar etmək böyük yanılmadır. Çünki insanın sahib olduğu hər şeyin əsl sahibi uca Allah'dır. Allah istədiyi insanı varlı, istədiyi insanı da kasıb edər. Varlı olan insanın sahib olduğu imkanlara görə lovğalanması, kasıb olan şəxsin də bu səbəbdən ümidsizliyə düşməsi Quranda qadağan edilmişdir. İman gətirənlər Rəbbimizin verdiyi nemətlər qarşısında Ona könüldən şükür edir və verilən nemətləri Allah yolunda ən gözəl şəkildə qiymətləndirirlər. İmkanı olmayanlar da bu vəziyyətin bir xeyir və hikmətinin olduğunu bilərək gözəlliklə səbir edirlər.
Cahiliyyə əxlaqını yaşayan insanların bir qismi isə olduqca xəsisdirlər. Malları ilə öyünür, ehtiyacı olanlara kömək etmək istəmirlər. Şübhəsiz, bu, Allah'ın razı olmadığı bir davranışdır. Unutmamaq lazımdır ki, Allah hər cür əskiklikdən münəzzəhdir, heç nəyə ehtiyacı olmayandır. Zəkat verib əcr qazanmağa möhtac olan isə insandır. Xəsislik edən insanın bu rəftarı öz əleyhinə olacaq. Bir ayədə belə bildirilir:
Budur, siz Allah yolunda xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər. (Muhəmməd surəsi, 38)
Malın, mülkün onu əbədi edəcəyini zənn edən insan böyük xəta edir. Bunların Allah qatında heç bir dəyərinin olmadığı bəzi Quran ayələrində belə izah edilir:
Biz hansı bir məmləkətə xəbərdarlıq edən peyğəmbər göndərdiksə, onun cah-calal içində yaşayan sakinləri ona sadəcə olaraq: “Biz sizinlə göndərilənləri inkar edirik!”– dedilər. Onlar: “Bizim mal-dövlətimiz də, övladlarımız da daha çoxdur və bizə əzab verilməyəcəkdir”, –dedilər. De: “Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu bilmir”. Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (Cənnətdəki) mənzillərində asudə yaşayacaqlar. (Səba surəsi, 34-37)
Tövratın “Yeşaya” hissəsində: “Yer qalmayana qədər evi evə, tarlanı tarlaya birləşdirənlərin vay halına! Yaşamağa yer qoymamısınız, məgər bu ölkədə tək siz yaşayırsınız?” (Yeşaya, 5: 8) -deyə bildirildiyi kimi, mal toplamaq və bu mövzuda həvəsə düşmək pis əxlaq xüsusiyyətidir. Tövratda xəsisliyin qınandığı, comərdliyin tərifləndiyi yerlərdən bir qismi belədir:
…Məzlum soydaşınıza qarşı əliniz bağlı olmasın. Əksinə, əliaçıq olun, nəyə ehtiyacı varsa, ona lazımi qədər verin. (Qanunun təkrarı, 15: 7-8)
Könlü rahatlıq nədir bilməz, zövq aldığı şeylər onu xilas etməz. Yeməyindən artıq qalmayacaq, ona görə, firavanlığı çox davam etməyəcək. Bolluq içində əzaba düçar olacaq, ona fəlakət toxunacaq. Qarnını dolduranda... üzərinə qəzəb göndərəcək. (Əyyub, 20: 20-23)
Əliaçıq insanın bərəkəti artar, başqasının qazancını yeyən ehtiyaca düşər. Comərd bolluğa qovuşar, su verənə su verilər. (Süleymanın məsəlləri, 11: 24-25)
İncildə də bu mövzuya diqqət çəkilmiş, bəzən var-dövlətin insanları din əxlaqını yaşamağa mane olduğu bildirilmişdir. (Matta, 19: 23) İnsanlara: “Siz həm Allah'a, həm də var-dövlətə qulluq edə bilməzsiniz”, - deyə bildirilmişdir. (Allah'ı tənzih edirik ) (Luka, 16: 13) Malını yığaraq rahatlığa qovuşacağını düşünən ağılsız insanın qissəsi İncildə belə izah edilir:
Bir varlının torpağı bol məhsul verdi. Bu adam ürəyində düşündü:... Axı nə edim? Sonra dedi: “Belə edərəm: anbarlarımı söküb daha böyüklərini tikərəm. Bütün taxılımı və malımı oraya yığaram. Canıma deyərəm ki, ey canım, illərlə kifayət qədər var-dövlət yığmısan. İndi dincəl, ye-iç, kef elə”. Amma Allah ona dedi: “Ey axmaq, bu gecə canını səndən alacaqlar. Bəs hazırladığın kimə qalacaq? Özü üçün xəzinə toplayan, amma Allah'ın önündə varlı olmayan hər bir insanın axırı elə olacaq”. (Luka, 12: 16-21)