Cənnət və Cəhənnəmə iman
Allah'ın endirdiyi haqq dini insanlara təbliğ edən peyğəmbərlər insanları Cənnətdəki nemətlərlə müjdələmiş, Cəhənnəm əzabı ilə xəbərdar etmişlər. Dünya həyatında Allah'ın əmrlərinə itaət edənlər, Onun razılığını qazanmaq üçün çalışanlar axirətdə Cənnətlə mükafatlandırılacaqlar. Allah'ın dininə çağırıldıqları və doğru yolu gördükləri halda inkar edənləri isə Cəhənnəmdə sonsuz və dəhşətli bir əzab gözləyir.
Quranda inananları nemətlərlə dolu, sonsuzluq, xoşbəxtlik və sağlamlıq yurdu olan Cənnətin, inkarçıları isə bənzəri olmayan əzab və çətinliklərlə dolu olan əbədi Cəhənnəm həyatının gözlədiyi belə xəbər verilmişdir:
İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edəcəyik. (Bu,) Allah'ın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allah'dan daha doğruçu kim ola bilər? (Nisa surəsi, 122)
Kafirlər dəstə-dəstə Cəhənnəmə sürüklənəcəklər. Nəhayət, ora çatdıqda onun qapıları açıq olacaq və onun gözətçiləri onlara deyəcəklər: “Məgər öz içərinizdən Rəbbinizin ayələrini sizə oxuyan və sizi bu gününüzə qovuşacağınızla xəbərdar edən elçilər gəlməmişdi?” Onlar: “Əlbəttə, (gəlmişdi!)”– deyəcəklər. Lakin əzab sözü kafirlər barəsində gerçəkləşdi. (Zumər surəsi, 71)
Həyatı boyu Allah'ın əmrlərinə itaət edən, Rəbbimizin razılığını qazanmaq üçün cəhd göstərən imanlı insanlar Allah'ın izni ilə Cənnətdə ən ehtişamlı evlər, ən gözəl paltarlar, ən gözəl ləl-cavahiratlar, ən dadlı yeməklər, ən ləzzətli içkilərlə mükafatlandırılacaqlar, sevdikləri insanlarla və dostları ilə birlikdə rahat və sonsuz həyat yaşayacaqlar. Özlərini yaradan və saysız nemət verən Allah'a qarşı üsyan və nankorluq edənlər isə Cəhənnəm cəzasına məhkum olacaqlar. Quranda Cəhənnəmdəki əzabın dünyada bənzəri olmayan çox böyük, əzablı və şiddətli bir əzab olduğu bildirilmişdir. Cəhənnəmdəki yüngülləşdirilməyən və daimi olan fiziki və mənəvi əzab, dar, qaranlıq, tüstülü mühitlər, iyrənc yemək və içkilər, əzablı iniltilər, yandırıcı və qovurucu istilik, zəncirlər, dəmir qamçılar, qaynar su və digər cəzalar ayələrdə ətraflı şəkildə təsvir edilmişdir. Quranda Cəhənnəmdəkilərin günahlarını etiraf etmələri, xor və alçaq qılınmaları, peşmanlıqları, dünyaya geri qayıtmaq istəkləri, yox olmağı istəmələri də bildirilmişdir. Cəhənnəmdə olanlar kömək üçün yalvaracaqlar, ancaq onlara kömək edilməyəcək, əzablarının yüngülləşdirilməsini istəyəcəklər, ancaq bu istəklərinə məhəl qoyulmayacaq.
Yaxşılarla pislərin Allah qatında bir olmadığı və hər kəsin etdikləri ilə əvəz görəcəyi Tövrat və İncildə də bildirilmişdir. Yaxşılarla pislərin ayrılmaları İncildə belə izah edilmişdir:
Yenə səmavi səltənət dənizə atılan və hər cür balıq tutan bir tora bənzəyir. Tor dolduğu zaman onu sahilə çəkdilər və oturub yaxşıları qablara yığdılar, pisləri isə kənara atdılar. Bu, dövrün sonunda da belə olacaq. Mələklər gəlib pisləri salehlərin arasından kənar edəcəklər. Sonra onları soba alovuna atacaqlar. Orada ağlaşma və diş qıcırtısı olacaq. (Matta, 13: 47-50)
İncildə doğruların sonsuz həyata (Matta, 25: 46), pislərin İblislə birgə sonsuz atəşə (Matta, 25: 41), sonsuz cəzaya (Matta, 25: 46) göndəriləcəkləri bildirilmişdir. “Cəhənnəm cəzasından necə qaçacaqsınız?” (Matta, 23: 33) və “Öldürdükdən sonra Cəhənnəmə atan ixtiyar Sahibindən qorxun” (Luka, 12: 5) kimi izahlarla Cəhənnəm əzabı xatırladılmışdır. Cəhənnəmdəkilərin çəkdikləri əzab, çarəsizlik və peşmançılıq İncildə belə təsvir edilmişdir:
Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni Cəhənnəmdə məhv edə bilən Allah'dan qorxun. (Matta, 10: 28)
Əgər sağ gözün səni pis yola çəkərsə, onu çıxar, at. Çünki sənin üçün bədən üzvlərindən birinin olmaması bütün bədəninin Cəhənnəmə atılmasından yaxşıdır. Əgər sağ əlin səni pis yola çəkərsə, onu kəs at. Çünki sənin üçün bədən üzvlərindən birinin olmaması bütün bədəninin Cəhənnəmə düşməsindən yaxşıdır. (Matta, 5: 29-30)
Tövratda isə yaxşılıq edənlərin yaxşılıqla əvəz görəcəyi, pislik edənlərin də bu pisliklər qarşılığında cəzalandırılacaqları ifadə edilir:
Saleh insanlara söyləyin ki, onlara yaxşılıq ediləcək, çünki onlar xeyirxahlıqlarının bəhrəsini görəcək. Pis insanların vay halına! Çünki onlara pislik olunacaq, elədikləri əməlləri qarşılarına çıxacaq. (Yeşaya, 3: 10-11)
...Dinsizlər lərzəyə gəldi: “Hər şeyi məhv edən alovun yanında hansımız yaşaya bilərik? Əbədi yanan atəşin yanında hansımız dayana bilərik?” Amma salehlik yolu ilə gedən, doğru sözlər danışan, haram yolla əldə edilən qazancı rədd edən, əlini rüşvətdən uzaq tutan, qatillərin qurduğu qəsdə fikir verməyən, pisliyə qarşı yaxşılıqla cavab verən yüksəkliklərdə yaşayacaq, təpələrin başındakı qalalar onun dayağı olacaq. O, çörəklə, su ilə təmin olunacaq. (Yeşaya, 33: 14-16)
...Çoxu əbədi həyat, bəzisi isə əbədi xəcalət və rüsvayçılıq üçün oyanacaq. Ağıllı insanlar göy qübbəsinin parıltısı kimi, saleh olanlar ulduzlar kimi əbədi və daim parlayacaq. (Daniel, 12: 2-3)
Necə ki, quraqlıq və istilik qarı əridib udur, ölülər diyarı da günahkarları elə götürüb aparacaq. (Əyyub, 24: 19)Ölülər diyarı həddindən artıq ağzını açıb və doymaq bilmir... Hamı yerə səriləcək, hər kəs diz üstə çökdürüləcək, təkəbbürlü baxışlar alçaldılacaq. (Yeşaya, 5: 14-15)
Pislər yıxılıb məhv olar, salehin evi dağılmaz. (Süleymanın məsəlləri, 12: 7)