Müsəlman cəmiyyətlərində kitab əhlinin hüquqi statusu
Kitab əhli fəth edilən torpaqlarda əsir kimi deyil, zimmi statusunda yaşayır və beləliklə, hüquqi status qazanmış olurdular.
Zimmilik cizyə vergisini ödəyən və müsəlman idarəsini tanıyan qeyri-müsəlmanlara verilən ad idi. Bununla bağlı olaraq can və mal təhlükəsizliyi təmin edilir, din və vicdan azadlığından faydalanır, əsgərlikdən azad olurdular. Aralarındakı anlaşılmazlıqları öz hüquqlarına görə həll etmə haqqını əldə edir və bəzən ödədikləri cizyə də geri qaytarılırdı.
Qeyri-müsəlmanlardan cizyə vergisinin alınması bəzən səhv izah edilir və ədalətsizlik kimi göstərilməyə çalışılır. İslam idarəçiliyində müsəlmanlardan cizyə vergisi alınmamışdır, çünki onlara hərbi öhdəlik verilmişdir, qeyri-müsəlmanlar isə bu öhdəlikdən azad edilmişlər. Bundan başqa, qeyri-müsəlmanlardan alınan cizyə vergisi onların hüquqlarının qorunması və gələcəklərinin təminatı, eləcə də möhtac olan qeyri-müsəlmanların qorunması üçün istifadə edilmişdir. Zimmilik statusunu və müsəlman idarəçilərin cizyə ilə əlaqədar üsullarını araşdıranda bu mühakimələrdən uzaq olduqlarını görürük.
Peyğəmbərimiz (səv): “Kim zimmiyə zülm edər və ya daşımaqda aciz olduğu yükü yükləyərsə, o şəxsin düşməniyəm”, -deyərək zimmilərə mərhəmətli davranmağı tövsiyə etmişdir. Bu tövsiyəni dinləyən müsəlmanlar öz idarələri altındakı qeyri-müsəlmanların qorunmasını vacib görmüşlər. Müsəlmanların hüquq anlayışlarına görə, zimmilər dövlət tərəfindən qorunmalı idi. Hz. Ömər (əs) dövründə Hira xristianları ilə müsəlmanlar arasında bağlanan sazişdə bildirilmişdir: “Əgər onlardan biri gücdən düşsə və yaşlansa və ya xəstəlikdən əziyyət çəksə və ya varlı ikən yoxsullaşsa, o və ailəsi İslam torpaqlarında olduğu müddətdə beytül-maldan (cəmiyyət xəzinəsi) kömək görəcək”.20 Müsəlman olmayanlar vergilərini ödəyə bilməyəndə, dövlət xəzinəsindən onlara kömək edilirdi. Şam xalqı ilə bağlanan sazişdə hz. Ömərin (əs) cizyə və qeyri-müsəlmanlar mövzusunda müsəlmanlara həssaslığını göstərən çox əhəmiyyətli izahı verilmişdir:
Allah'ın lütf etdiyi torpaqları insanların əllərindən almayın və Allah'ın kitabında ifadə etdiyi kimi, gücləri çatdığı qədər cizyə qoyun. Əgər cizyə onlar tərəfindən ödənsə, daha çoxunu istəməyin... Torpaqları öz aramızda paylaşsaq, övladlarına heç nə qalmayacaq. Əgər torpaqlar əsl sahiblərinə verilsə, müsəlmanlar onların istehsal etdikləri ilə yaşaya bilərlər. Onların üzərinə cizyə qoya bilərsiniz, amma əsla onları əsir ala bilməzsiniz. Onları incidə, ya da onlara zərər verə bilməzsiniz və üzərində haqqınız olmadıqca onların mallarını ala bilməzsiniz. Onlarla etdiyiniz razılaşmalarla qəbul etdiyiniz öhdəçilikləri yerinə yetirmək məcburiyyətindəsiniz. 21
Göründüyü kimi, Quran əxlaqını yaşayan səmimi müsəlmanlar qeyri-müsəlmanların mal və can təhlükəsizliyini, rahatlığını qorumağı məsuliyyət hesab edirdilər. Bizans ordusu ilə döyüşdə İslam ordularının xristianları qoruya bilməyəndə aldıqları cizyəni onlara qaytarması Peyğəmbərimizin (səv) müsəlmanlara öyrətdiyi İslam əxlaqının gözəl nümunələrindən biridir.22
Keçmişdə İslam dünyası, yəhudi və xristianlar arasında qurulan dostluq əlaqələri dövrümüz üçün də əhəmiyyətli bir nümunədir. İslam əxlaqı fərqli dinlərə və inanclara mənsub olan insanlara şəfqətlə yanaşmağı, onların dəyər və inanclarına hörmət etməyi, birlikdə rahat yaşanacaq mühit qurmağı tələb edir. Buna görə də bu əxlaqın yayılması və İslam adına ortaya qoyulan, ancaq İslam əxlaqı ilə heç bir əlaqəsi olmayan bəzi yanlış üsulların aradan qaldırılması üçün göstərilən səy dünya sülhünün təmin edilməsində əhəmiyyətli addımdır.
Müsəlmanların sevgi və anlayışı səmimi olaraq iman gətirən yəhudi və xristianlarda da eyni şəkildə olmalıdır. Çünki Allah yəhudi və xristianlara da digər insanları sevmələrini, yaxşılığın və sülhün tərəfdarı olmalarını əmr etmişdir.
20. Majid Khoduri, İslam'da Savaş ve Barış, Fener Yayınları, İstanbul, 1998, s. 214
21. Majid Khoduri, İslam'da Savaş ve Barış, Fener Yayınları, İstanbul, 1998, s. 216
22. Ebu Yusuf 139; el-Belazuri, Fütuhu’l Budan, 187