Göstəriş və riyakarlıqdan çəkinmək

İnananların ortaq əxlaq xüsusiyyətlərindən biri də səmimiyyətdir. Mömin Allah'ın hər şeydən xəbərdar olduğunu, axirətdə bütün düşüncələrinin, söhbətlərinin və davranışlarının hesabını verəcəyini bilir. Bu səbəbdən, həyatı boyu yalnız Allah'ın rizasını əldə etmək üçün çalışır, səmimiyyətsizlikdən çəkinir. Etdiklərinin əvəzini Allah'dan gözlədiyi üçün kiçik mənfəətlərin ardınca qaçmır, insanların sevgisini qazanmaq üçün səmimiyyətsiz davranmır.

Quranda peyğəmbərlərin ixlaslı davranışları möminlərə nümunə göstərilmişdir. Allah'ın “Tağuta ibadət etməkdən çəkinib Allah'a üz tutanlara müjdə vardır. Qullarımı müjdələ!” (Zumər surəsi, 17) ayəsində bildirildiyi kimi, səmimi qullar üçün müjdə vardır. İbadətlərini göstəriş məqsədilə edənlər haqqında bəzi ayələr belədir:

Ey iman gətirənlər! Sədəqələrinizi özünü camaata göstərmək məqsədilə xərcləyən, Allah’a və axirət gününə inanmayan şəxs kimi minnət qoymaqla və əziyyət verməklə puç etməyin. Bunun məsəli üzərində torpaq olan hamar qayanın məsəlinə bənzəyir ki, şiddətli yağış yağıb onu çılpaq hala salmışdır. Onlar qazandıqlarından heç bir şeyə nail olmazlar. Allah kafir xalqı doğru yola yönəltməz. (Bəqərə surəsi, 264)

Vay halına o namaz qılanların ki, onlar öz namazlarından qafildirlər. Onlar riyakardırlar. (Maun surəsi, 4-6)

İncildə inananlara: “Ehtiyatlı olun, özünüzü insanlara göstərmək üçün yaxşılıq etməyin. Yoxsa... Allah'dan mükafat almazsınız” (Matta, 6: 1) -deyə öyüd verilmiş, əməllərinin hamısını insanlar görsün deyə edənlər (Matta, 23: 5) qınanmışdır. Onların riyakarlığı, kənardan parlaq görünən, amma içi hər cür iyrəncliklə dolu ağardılmış məqbərələrə bənzədilərək təsvir edilmişdir:

...Siz ağardılmış məqbərələrə bənzəyirsiniz: bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və haqsızlıqla dolusunuz. (Matta, 23: 27-28)

... Sədəqə verdiyin zaman öz önündə car çəkmə. Çünki ikiüzlülər insanların onları tərifləməsi üçün sinaqoqlarda və küçələrdə belə edirlər. Doğrusunu sizə deyirəm ki, onlar mükafatlarını aldılar. Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. Belə ki, verdiyin sədəqə gizli qalsın. Gizlidə olanı görən Allah səni mükafatlandıracaq. (Matta, 6: 2-4)

Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün özlərini qəmgin tuturlar... (Matta, 6: 16)

Tövratda da ibadətlərini göstəriş məqsədilə edənlər qınanmış, sözləri ilə insanları razı salmağa çalışan, ancaq izah etdikləri əxlaqı göstərməkdən çəkinən insanların pis yolda olduqları bildirilmişdir. Davranış və sözləri ilə Allah'a yaxın kimi görünməyə çalışan, ancaq qəlbən Allah'ı təqdir etməyən insanların vəziyyəti belə təsvir edilmişdir:

... Sən onların dillərinə yaxınsan, amma ürəklərindən uzaqsan. (Yeremya, 12: 2)

Ya Rəbb, bizə yardım et, mömin insan qalmayıb, bəşər övladları arasında vəfalılar yoxdur artıq. Hər kəs başqasına yalan söyləyir, ağzı yalan danışır, ikiüzlülük edir. (Məzmur, 12: 1-2)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM