Təvəkkül etmək

Allah inananların ən böyük dostu və yardımçısıdır. İnananlar çətinlik və ya sıxıntı ilə qarşılaşanda da, rahat şəraitdə olanda da Allah'ın onlarla bərabər olduğunu bilir, yalnız Allah'a yönəlirlər. Sadəcə Ona güvənirlər. İman gətirən bir şəxs mövcud şəraitlər daxilində bütün tədbirləri görür, hər addımı düşünərək plan qurur, lakin hər şeyin yalnız Allah'ın diləməsi ilə reallaşdığını unutmur. Nəticəsindən asılı olmayaraq, hər şeydə hikmət və gözəllik olduğunu bilir. Məsələn, möminlər tədbir olaraq sağlamlığa zərərli şeylərdən çəkinirlər. Buna baxmayaraq, ölümcül xəstəliyə düçar olanda da onun Allah'dan olduğunu bilirlər, əsla ümidsizliyə qapılmırlar. Səbirli və təvəkküllü davranırlar. İnananlar hadisələr qarşısında kədər, qayğı və narahatlıq keçirmir, təvəkkülün verdiyi rahatlığı yaşayırlar.

Təvəkkül inkarçıların xəbərsiz olduğu, sadəcə inananların yaşadığı gözəllikdir. İnkarçıların dünya həyatındakı sıxıntı və kədərlərinin, stress və depressiyalarının əsas səbəblərindən biri də bu həqiqətdən üz çevirmələridir. Təvəkkülün inananların vacib vəsfi olduğu Quran ayələrində bildirilmişdir:

...Allah'dan qorxana, (Allah) çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allah'a təvəkkül etsə, (Allah) ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur. (Talaq surəsi, 2-3)

De: “Allah'ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah'a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)

Təvəkküllü olmaq yalnız Allah'a güvənmək deməkdir. İnsanların qayğı çəkməsinin mənasız olduğu və hər zaman Allah'a güvənmələri İncildə belə ifadə edilir:

Amma Rəbb etibarlıdır. O, sizi qüvvətləndirib şər olandan qoruyacaq. (2 Salonikililərə, 3: 3)

İsa öz şagirdlərinə belə dedi: “Buna görə də Mən sizə deyirəm: “Nə yeyəcəyik?” - deyib canınız üçün, “Nə geyinəcəyik”, -deyib bədəniniz üçün qayğı çəkməyin... Qarğalara baxın. Onlar nə əkir, nə də biçir. Nə anbarları, nə də zirzəmiləri var, amma Allah onları yedizdirir... Sizlərdən hansı biriniz qayğı çəkməklə ömrünüzü bir anlıq belə uzada bilər? Əgər siz elə balaca şeyi etməyi bacarmırsınızsa, nə üçün başqa şeylərin qayğısına qalırsınız? (Luka, 12: 22-26)

Ona görə də siz əvvəlcə Allah'ın səltənətini və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. Beləliklə, sabahın qayğısını çəkməyin... (Matta, 6: 33-34)

Tövratda isə bildirilir ki, yalnız Allah'a yönələn və Rəbbimizə güvənən şəxsə Allah müvəffəqiyyət bəxş edəcək. İman gətirən yəhudilərin Allah'a təvəkkül etmələri belə ifadə edilir:

Rəbbə güvən… O da səni ürəyinin istəklərinə çatdıracaq. Yolunu Rəbbə ver, Ona güvən, O, edəcək. (Məzmur, 37: 3-5)

Ağlı Sənə yönəlmiş insanlara Sən kamil iman verirsən, çünki onlar Sənə güvənir. Rəbbə həmişə güvənin, çünki Rəbb Allah əbədi gücdür. (Yeşaya, 26: 3-4)

Nə xoşbəxtdir o insan ki Rəbbə güvənir, Rəbbi özünə arxa sayır. O, sular kənarında əkilmiş ağac kimi olacaq. Elə ağac ki, çay kənarında kök salar, isti gələndə qorxmaz, yarpağı həmişə yaşıl qalar, quraqlıq olan il qayğı çəkməz, bəhər verməkdən qalmaz. (Yeremya, 17: 7-8)

...Allah'ınız Rəbbə inanın, onda qorunacaqsınız, onun peyğəmbərlərinə inanın və uğur qazanacaqsınız. (2 Salnamələr, 20: 20)

Bütün qəlbinlə Rəbbə güvən, öz idrakına etibar etmə. (Süleymanın məsəlləri, 3: 5)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM