Hz. İbrahimin (əs) hənif dini
...Sizlərdən hər biriniz üçün bir şəriət və bir yol təyin etdik. Əgər Allah istəsəydi, sizi tək bir ümmət edərdi. Lakin (başqa-başqa olmanız) sizə verdikləri ilə sizi imtahan etməsi üçündür. Yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allah’a olacaq və O, ziddiyyətə düşəcəyiniz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48)
Kitab əhli və müsəlmanlar da fərqli şəriətlərə sahibdirlər, ancaq istər yəhudi və xristianlardan, istərsə də müsəlmanlardan səmimi iman gətirənlər Allah’a qəlbən təslim olmaqla, yaxşı və gözəl davranışlar göstərməklə və xeyirli işlərdə yarışmaqla məsuldurlar. Allah’ın varlığına və tək olduğuna inanan, ixlasla axirətə iman gətirən, saleh işlər görən hər üç İlahi dinin mənsubları, əslində, Rəbbimizin hz. İbrahimə (əs) endirdiyi haqq dinə itaət edirlər.
Allah Quranda ilk peyğəmbərin hz. Adəm (əs) olduğunu bildirir. Hz. Adəmdən (əs) sonra hz. İdris (əs) və hz. Nuh, peyğəmbər kimi göndərilmişdir. Hz. İbrahim (əs) isə hz. Nuhdan (əs) sonra yaşamışdır və onun nəslindəndir. Quranda belə bildirilir:
Aləmlər içərisində Nuha salam olsun! Həqiqətən, Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən, o, Bizim mömin qullarımızdandır. Sonra o birilərini suya qərq etdik. Həqiqətən, İbrahim onun ardıcıllarından idi. (Saffat surəsi, 79-83)
Quranda hz. İbrahimin (əs) dininin hənif olduğu bildirilir. “Hənif” sözü Allah’ın əmrinə təslim olub, Onun dinindən heç vaxt dönməyən, ixlaslı insan deməkdir. Bir ayədə Allah hz. Muhəmmədə (səv) hz. İbrahimin (əs) hənif dininə tabe olmasını belə bildirmişdir:
Sonra sənə vəhy etdik: “Hənif İbrahim dininə tabe ol. O, müşriklərdən deyildi”. (Nəhl surəsi, 123)
Hz. İbrahimdən (əs) sonra gələn oğulları, nəvələri və onun nəslindən olan saleh möminlər Allah’ın hz. İbrahimə (əs) vəhy etdiyi haqq dinə tabe olmuşlar. Bu həqiqət Quran ayələrində belə bildirilir:
Səfeh olanlardan başqa kim İbrahimin dinindən üz çevirər? Biz onu dünyada (elçi) seçdik. Şübhəsiz ki, o, axirətdə də əməlisalehlərdən olacaqdır. Rəbbi ona: “Təslim ol!”– dedikdə, o: “Aləmlərin Rəbbinə təslim oldum!”– demişdi. İbrahim də, Yaqub da bunu oğullarına vəsiyyət etdilər: “Ey oğullarım! Həqiqətən, Allah bu dini sizin üçün seçmişdir. Siz də ancaq müsəlman olaraq ölməlisiniz!” (Bəqərə surəsi, 130-133)
Göründüyü kimi, hz. İbrahimin (əs) hənif dini Allah’a iman gətirən yəhudilər, xristianlar və müsəlmanlar arasında ortaq bir sözdür. Hz. İbrahimə (əs) iman etmək, ona sevgi duymaq və hörmət etmək yəhudilər və xristianlar üçün olduğu kimi, müsəlmanlar üçün də əhəmiyyətlidir. Ancaq unutmaq olmaz ki, Allah’a olan dərin iman və sevgisi, Rəbbimizin bütün əmrlərinə qəlbən boyun əyməsi, itaəti və üstün əxlaqı ilə bütün inananlara nümunə olan hz. İbrahimə (əs) ən yaxın olanlar, heç şübhəsiz, onun gözəl əxlaqını mənimsəyən insanlardır. Rəbbimiz Quranda belə buyurur:
Həqiqətən, insanlardan İbrahimə ən yaxın olanı, onun ardınca gedənlər, bu Peyğəmbər (Muhəmməd) və iman gətirənlərdir. Allah möminlərin himayədarıdır. (Ali-İmran surəsi, 68)
Buna görə də Allah’a qəlbən iman gətirən yəhudi və xristianlar hz. İbrahim (əs) və ona tabe olan saleh möminlər kimi yalnız Allah’a yönəlməli, hz. İbrahimin (əs) göstərdiyi gözəl əxlaqı, səmimiyyəti və dərinliyi nümunə götürməlidirlər. Şübhəsiz, inananlar peyğəmbərlərə sevgi, itaət və yaxınlıq göstərmək üçün onlar kimi saleh olmağa səy göstərməlidirlər. Müsəlmanlar isə Rəbbimizin Quranda əmr etdiyi kimi, bütün peyğəmbərlərə verilənlərə iman gətirirlər.
Deyin: “Biz Allah’a, bizə nazil olana, İbrahimə, İsmailə, İshaqa, Yaquba və onun nəslinə nazil olana, Musa və İsaya verilənlərə, özlərinin Rəbbi tərəfindən peyğəmbərlərə verilənlərə iman gətirdik. Biz onların arasında fərq qoymuruq. Biz yalnız Ona təslim olanlarıq!” (Bəqərə surəsi, 136)