Dünya həyatının keçiciliyi
İnkarçılarla inananların dünya həyatına baxışı tamamilə fərqlidir. İnkarçılar dünya nemətlərindən maksimum faydalanmağı həyatın başlıca məqsədi kimi görürlər. Halbuki insan dünyaya aid hər şeyi ölümü ilə birlikdə arxada qoyacaq.
Bir insanın dünya həyatında sahib olduğu hər şey keçicidir. Bunun şüurunda olan inananlar gündəlik həyatda dünya nemətlərindən istifadə edirlər, ancaq bunları məqsəd kimi görmürlər. Sahib olduqları hər şeyi Allah'a şükür etmək və Onun razılığını qazanmaq üçün bir vasitə kimi qiymətləndirirlər. İnananlar dəbdəbəli avtomobillərin, göz oxşayan evlərin, gözəl bağçaların, qiymətli ləl-cavahiratların, gözəl insanların, qısası, saysız-hesabsız dünya nemətlərinin keçici olduğunu dərk edirlər. Bunların əslinin sonsuzadək Cənnətdə olduğunu da bilirlər.
Allah insanlara dünyanın keçici bərbəzəyinə aldanmamağı, dünyəvi həvəslərin əsiri olmamağı bildirmişdir. Quranda dünya həyatının keçiciliyi belə bildirilmişdir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. (Ali-İmran surəsi, 14)
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, bir-birinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah'dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir. (Hədid surəsi, 20)
İncilin “Mark” hissəsində dünyəvi qayğıların, sadəcə dünyaya aid istəklərin və var-dövlətin insanları Allah'ın yolundan uzaqlaşdırdığı belə izah edilir:
Tikanlar arasına səpələnənlər isə belə insanlardır: kəlamı eşidirlər, lakin dünyanın qayğıları, var-dövlətin aldadıcılığı və başqa şeylərə olan həvəs araya girib kəlamı boğur və kəlam bəhrəsiz olur. Münbit torpağa düşənlər isə belə insanlardır: onlar kəlamı eşidib qəbul edir, bəzisi otuz, bəzisi altmış, bəzisi isə yüz qat məhsul verir. (Mark, 4: 18-20)İncildə inananların dünya həyatının keçici zövqlərinə aldanmamaları bildirilir və dünya həvəsinin insanların qəlbinin qatılaşmasına səbəb olduğu xəbər verilir. İncilin bir çox yerində dünyanın keçiciliyi və dünyaya bağlanmağın böyük səhv olduğu belə bildirilir:
Özünüzə fikir verin! Qoy qəlbləriniz acgözlük və sərxoşluqla, bu həyatın qayğıları ilə qatılaşmasın. Qoy o gün bir tələ kimi üzərinizə qəflətən gəlməsin. Çünki o gün bir tələ kimi yer üzündə yaşayanların hamısının üstünə gələcək... Hər an dua edərək ayıq olun. (Luka, 21: 34-36)
Dünya və ondakı həvəslər keçib-gedir, amma Allah'ın iradəsinə təslim olan əbədi qalır. (1 Yəhya, 2: 17)
...Çünki bu dünyanın indiki vəziyyəti keçicidir. (1 Korinflilərə, 7: 31)Tövratda isə dünya həyatının keçici olduğu, mal-mülk həvəsinin və axirətdən tamamilə üz çevirib dünyaya bağlanmağın böyük yanlış olduğu və inananların buna aldanmamaları belə izah edilir:
Pul sevən puldan doymaz, var-dövlət sevən də qazancdan. Bu da puçdur. Var-dövlət çoxaldıqca onu yeyənlər də çoxalır. Gözləri ilə görməkdən savayı sahibinə ondan nə fayda var?.. Yığdığı sərvət, sahibinə zərər gətirir... Necə ki, o, anasının bətnindən çılpaq doğulub, eləcə də bu dünyadan gedir. Zəhmətinin bəhrəsindən heç nəyi əlinə götürüb özü ilə apara bilmir. İnsan dünyaya necə gəlirsə, elə də gedir... (Vaiz, 5: 10-16)
Biz bütün atalarımız kimi Sənin önündə bir qərib və qonağıq. Günlərimiz yer üzündə kölgə kimidir və heç nəyə ümidimiz yoxdur. (1 Salnamələr, 29: 15)
Rəbbin qəzəb günündə qızıl-gümüşləri onları qurtara bilməyəcək... (Sefanya, 1: 18)O, belə dedi: “Bu dünyaya çılpaq gəlmişəm, çılpaq da gedəcəyəm. Verən də Rəbdir, alan da Rəbdir. Rəbbin isminə alqış olsun!” (Əyyub, 1: 21)
Onlar var-dövlətlərinə güvənirlər, bol sərvətləri ilə öyünürlər. Amma heç kim öz ömrünü satın ala bilməz, həyatının haqqını Allah'a ödəyə bilməz. Hamının sərvəti başqasına nəsib olur. Torpaqlara sahib olsalar belə, son mənzilləri qəbirdir, yenə nəsillərdən-nəsillərədək yerləri məzardır. İnsan dəyərli olsa da, qalmır; həlak olan heyvana oxşayır. Qorxma bir adam varlı olanda, evinə sərvət yığılanda. Çünki öləndə heç nə apara bilməz, sərvəti ardınca getməz. (Məzmurlar, 49: 6-17)