Ortaq fikri mübarizə
Bu gün insanların həyat tərzi və yaşayış səviyyəsi araşdırılanda inanclı insanların birləşərək fikri mübarizə aparmasının vacib olduğu aydın görünür. Qarşıdurmalar, müharibələr, qırğınlar, yoxsulluq, aclıq, əxlaqi degenerasiya, sosial ədalətsizlik kimi problemlər fərqli səviyyələrdə olmaqla yanaşı, bu gün bir çox ölkədə çətinliklərə səbəb olur və dünyanın müxtəlif bölgələrində bu vəziyyətdən zərər görən günahsız insanlar özlərinə uzanan bir kömək əli gözləyirlər. Əlbəttə, dünyanın müxtəlif bölgələrində vicdanlı insanlar öz imkanları daxilində bu insanlara kömək etməyə çalışırlar. Aclıq çəkən bölgələrə yardım paketləri çatdırılır, müharibə və qarşıdurmaların yaşandığı yerlərdə sülh elçiləri zərərçəkmişləri qorumağa çalışır, hər ölkədə cinayətə və əxlaqi degenerasiyaya qarşı tədbirlər görürlər. Ancaq bu cəhdlər regional fəaliyyətlərlə və mövcud problemlərin həll edilməsi ilə məhdudlaşır. Halbuki insanlara ağrı və çətinlik verən hər cür problemin tamamilə aradan qaldırılması, bütün dünyanın rahatlığa, təhlükəsizliyə və rifaha qovuşması mümkündür.
Bunun üçün problemlərin əsl səbəbləri təsbit edilməli və bunlara zəmin hazırlayan fikri mühit aradan qaldırılmalıdır. Cəmiyyətlərdə yaşanan çətinliklərin təməlinə baxanda əsas problemin insanların din əxlaqından uzaqlaşdığından qaynaqlandığını görürük. Şəfqəti, sevgini, anlayışı, mərhəməti, yardımlaşmağı aradan qaldıran, bunun yerinə güclü olanın haqlı olduğu, hər kəsin yalnız öz mənfəətini düşündüyü, mənfəətçi, mübahisəçi və davakar bir cəmiyyət modelinin yaradılmasında insanların Allah qarşısında məsul olduğu və axirətdə hesab verəcəkləri həqiqətinə laqeyd yanaşılmasının böyük rolu olmuşdur.
XIX əsrdə dünya düşüncə tarixində yaşanan dəyişikliklər sonrakı əsrlərdə yaşanacaq mənəvi böhranın təməlini qoymuşdur. Bu dövrdə o zamana qədər dünyaya hakim olan deist (Allah'ın varlığını qəbul edən) inanclara və dinlərə qarşı ateizm (Allah'ı inkar) azğınlığı güc qazandı. XVIII əsrdə Diderot, Baron d'Holbax kimi materialistlərin kainatın sonsuzdan bəri var olduğu və maddədən başqa bir varlıq aləmi olmadığı fikirləri Avropada yayılmağa başladı. Feyerbax, Marks, Engels, Nitşe, Durkheym, Freyd kimi mütəfəkkirlərin təsiri ilə XIX əsrdə ateizm daha da yayıldı.
Ateizmə ən böyük dəstəyi təmin edən şəxs isə yaradılışı inkar edən və buna qarşı təkamül nəzəriyyəsini qarşıya qoyan Çarlz Darvin oldu. Darvinizm ateistlərin əsrlərdir cavab verə bilmədiyi “canlılar və insan necə yarandı?” sualına “elmi” cavab gətirdi. Təbiətin cansız maddəni canlandıran və sonra da ondan milyonlarla fərqli canlı növü meydana gətirən bir mexanizm olduğunu iddia etdi və bir çox insanı buna inandırdı.
XIX əsrin sonlarında ateistlər hər şeyi açıqladığını zənn etdikləri bir dünyagörüşü meydana gətirmişdilər: kainatın yaradıldığını inkar edir, buna qarşı: “Kainat sonsuzdan bəri mövcuddur, başlanğıcı yoxdur”, - deyirdilər. Kainatdakı nizam və tarazlığın təsadüfən ortaya çıxdığını irəli sürür, kainatda heç bir məqsədin olmadığını iddia edirdilər. İnsanın və digər canlıların necə var olduğu sualının darvinizm tərəfindən açıqlandığını zənn edirdilər. Tarix və sosiologiyanın Marks və Durkheym, psixologiyanın isə Freyd tərəfindən ateist təməllərdə açıqlandığını zənn edirdilər. Halbuki bu fikirlərin hər biri XX əsrdəki elmi, siyasi və ictimai yeniliklərlə darmadağın edildi. Astronomiyadan biologiyaya, psixologiyadan sosial əxlaqa qədər bir çox fərqli sahədəki tapıntı, təsbit və nəticələr ateizmin bütün fərziyyələrini çökdürdü.
Ancaq bu müddət ərzində darvinist və materialist düşüncəyə əsaslanan cərəyanlar bəşəriyyətə böyük fəlakətlər gətirdilər. Kommunizm, faşizm, anarxizm, irqçilik, nihilizm, ekzistensializm kimi fəlsəfə və ideologiyalar insanları, cəmiyyətləri və millətləri böyük böhranlara, qarşıdurmalara, müharibələrə sürüklədi və böyük fəlakətlərə səbəb oldu. Hal-hazırda da bu dağıdıcı ideologiyaların təsirləri azalsa da, davam edir. Darvinist ideologiya bəzi şəxslər tərəfindən hələ də elmi nəzəriyyə kimi müdafiə olunur. Darvinizmin cəmiyyətlərə necə qəbul etdirilməyə çalışıldığını və bunun nəticələrini sonrakı sətirlərdə qısaca izah edəcəyik. Ancaq bundan əvvəl çox vacib həqiqətə yenidən diqqət çəkmək istəyirik.
Din əxlaqına qarşı olan ideologiyaların dünyanı sürüklədiyi vəziyyət qarşısında ən böyük məsuliyyət iman gətirən vicdanlı insanların üzərinə düşür. Din əxlaqına qarşı olanların fəaliyyətləri yalnız xristianları, yəhudiləri, ya da yalnız müsəlmanları maraqlandırmır. Dünyanın hansı bölgəsində olursa-olsun, bu ideologiyaların səbəb olduğu zərərlər hər üç dinin mənsubları üçün ortaq təhlükədir və bütün inanclı insanların vicdanlarını narahat edir, Allah`a iman gətirən hər kəsin üzərinə böyük məsuliyyətlər qoyur. Bu vəziyyət qarşısında Allah'a inanan və Rəbbimizin bizə öyrətdiyi gözəl əxlaqı yaşamağı qəbul edən kitab əhlinin və müsəlmanların əməkdaşlıq etməli olduqları aydındır. Hər üç dinin mənsubları əl-ələ verərək heç bir elmi əsası olmayan, yalnız materialist fəlsəfəyə dəstək olmaq istəyən darvinizmin yanlışlığını bütün dünyaya izah etməlidirlər. İnancsızlıqdan qaynaqlanan bütün digər ideologiyalara (kommunizmə, faşizmə, irqçiliyə və s.) və əxlaqi degenerasiyaya qarşı da əməkdaşlıqla fikri mübarizə aparmalıdırlar. Bunun nəticəsində, dünya çox qısa zamanda sülh, rahatlıq və ədalətə qovuşar. Yer üzündəki acılar, qırğınlar, bəlalar və ədalətsizliklər sona çatar və aydınlıq, rahatlıq, zənginlik, bolluq və bərəkət gələr.