Ədalət anlayışı

Ədalətli olmaq iman gətirən insanların başlıca xüsusiyyətlərindən biridir. Allah qullarına insanlar arasında ədalətlə hökm verməyi, özlərinin və ya yaxınlarının əleyhinə olsa belə, ədalətli olmağı əmr etmişdir.

İnananlar ədaləti qoruyan və haqsızlığa izn verməyən insanlardır. Rəbbimiz Quranda müsəlmanlara ədalətli olmağı belə bildirir:

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allah'ın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah eşidəndir, görəndir. (Nisa surəsi, 58)

Müsəlman üçün qarşısındakı insanın varlı və ya kasıb olması və verəcəyi qərarın mənfəətinə zidd olması heç nəyi dəyişdirməz. Mömin nə olursa-olsun, ədalətdən güzəştə getməz. Bu üstün əxlaq bir Quran ayəsində belə bildirilir:

Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135)

Başqa bir ayədə isə kin-küdurətin insanları ədalətsizliyə sövq etdiyi bildirilmişdir:

Ey iman gətirənlər! Allah xatirinə ədaləti qoruyan şahidlər olun. (Hər hansı bir) camaata qarşı olan kin-küdurət sizi ədalətsizliyə sövq etməsin. Ədalətli olun! Bu, təqvaya daha yaxındır... (Maidə surəsi, 8)

Ədalət İncil və Tövratda da vacib məsələlərdən biridir. Ədalətə laqeyd yanaşanlar İncildə belə qınanırlar:

Vay halınıza..! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda birini verməklə yanaşı, bunları yerinə yetirməli idiniz. (Matta, 23: 23)

İncildə başqa fəsillərdə də insanların ədalətli olmaları belə ifadə edilmişdir: Zahirə görə hökm etməyin, ədalətlə hökm edin. (Yəhya, 7: 24)

Ey ağalar... qullarınıza ədalətli və insaflı olun. (Koloselilərə, 4: 1)

Mühakimə etməyin ki, siz də mühakimə olunmayasınız... Hansı ölçü ilə ölçsəniz, eyni ölçü ilə də sizə ölçüləcək. (Matta, 7: 1-2)

Tövratda da ədalət gözəl əxlaqlı insanın əsas xüsusiyyəti kimi göstərilir və doğru insanın pisliklərdən uzaqlaşdığı, heç kimə haqsızlıq etmədiyi, yoxsulları qoruduğu ifadə edilir:

Ədalətli olanlar, hər zaman əməlisaleh olanlar necə xoşbəxt insanlardır! (Məzmur, 106: 3)

...Mən onu seçdim ki, öz oğluna və özündən sonrakı nəslinə saleh və ədalətli işlər görmək üçün Rəbbin yolu ilə getməyi tapşırsın... (Yaradılış, 18: 19)

Ordular Rəbbi belə deyir: “Düzgün və ədalətlə mühakimə edin. Hər kəs bir-birinə məhəbbət və mərhəmət göstərsin. (Zəkəriyyə, 7: 9)

...Bunların yerinə ədaləti ayırd etmək üçün dərrakə istədin. Mən istəyini yerinə yetirirəm... (1 Padşahlar, 3: 11-12)

Rəbb belə deyir: “Ədaləti qoruyun, salehliyə əməl edin...” (Yeşaya, 56: 1)

Ədalətsiz qanun qoyanların, yoxsullardan ədaləti əsirgəyənlərin, xalqımın kasıblarının haqqını əlindən alanların, dul qadınları soyanların, yetimlərin malını ələ keçirənlərin vay halına! (Yeşaya, 10: 1-2)

Bölmələr
GƏLİN BİR OLAQ QURANA GÖRƏ BİRLİK
ORTAQ İNANC ƏXLAQİ DƏYƏRLƏR RADİKALİZM