Radikal yəhudilərin yanlış düşüncəsi
25 fevral, 1994-cü ildə Qərbi Şəriyədəki əl-Xəlil (Hebron) şəhərində hz. İbrahim məscidində ibadət edən müsəlmanlara hücum edildi. Yəhudi sionist Barux Qoldşteyn İsrail əsgərlərinin dəstəyi ilə əlindəki M-16 silahı ilə birlikdə sübh namazı vaxtı məscidə girdi. Məscidin ortasına qədər getdi və 500-ə yaxın müsəlmanı güllələdi. 67 müsəlman hadisə yerində şəhid oldu, 300-ü yaralandı. Əslində, bu hadisə israilli radikal qrupların reallaşdırdığı hərəkətlərdən yalnız biri idi. Həmin qruplar 1980-ci illərdə Qüdsdəki müsəlman məbədlərini (əl-Əqsa məscidi və Qübbətüs-Səxrə) də partlatmışdılar. Odlu silahlarla fələstinlilərə hücum edən radikal yəhudilər də bu qrupların üzvləri idilər.
Bu radikal qrupların düşüncələri arasında yəhudilərin bütün irqlərdən üstün olması, digər irqlərin bir heyvan növü olması, işğal olunan torpaqlardakı bütün ərəblərin etnik təmizliyə ehtiyacının olması kimi Tövrata və yəhudi ənənələrinə zidd olan radikal fikirlər yer tuturdu.
Bunlar yəhudi radikalizmi kimi ciddi bir təhlükənin varlığına işarə edir. Bu radikalizmin ideologiyasını və ağrılı-acılı nəticələrini müxtəlif kitablarımızda araşdırmışıq. Bu araşdırmanın yekunlaşdırılmış nəticəsini belə ifadə edə bilərik:
Bu gün yəhudi dünyasında yəhudi olmayan insanlara qarşı kin və nifrət təlqin edən, xüsusilə də fələstinlilərə qarşı sərt və mərhəmətsiz üsullardan istifadə edilməsini müdafiə edən radikal meyil mövcuddur. Bu meyil İsrail dövlətində özünü daha qabarıq büruzə verir və İsrailin yarım əsrdən çox fələstinlilərə və digər ərəb qonşularına qarşı təcavüzkar, işğalçı siyasətinin ortaya çıxmasında əhəmiyyətli rol oynayır. Şübhəsiz, yəhudi xadimlər İsrail yəhudi cəmiyyətində (və bütün dünya yəhudiləri arasında) çox kiçik azlığı meydana gətirirlər. Amma bu azlığı fikirlə müdafiə edən radikalizm mədəniyyəti də mövcuddur ki, bu da Yaxın Şərq və dünyanın təhlükəsizliyi üçün böyük təhlükədir.
Bunun qarşısını almaq üçün:
1) Yəhudi dindarlar Əhdi-Ətiqdə olan sevgiyə, hörmətə, ədalətə, mərhəmətə əsaslanan əxlaq anlayışını mənimsəməli və insanlar tərəfindən tətbiq edilməsi üçün cəhd etməlidirlər. Belə ki, bu istiqamətdə bir çox yəhudi dindar səy göstərir.
2) Sionizmin din əxlaqına uyğun bir şəkildə tətbiq olunması təmin edilməlidir. Şübhəsiz, İsrailin mövcud olmaq və torpaqlarının təhlükəsizliyini təmin etmək hüququ vardır. Üstəlik, yəhudilərin ulu babalarının torpaqları olan Fələstində müsəlman və xristianlarla bir yerdə, sülh şəraitində yaşamaq istəkləri qanunidir. Amma bir milləti yarım əsrdən çox təzyiq altında saxlamaq haqqı yoxdur. Fələstin torpaqları bu xalqların bir yerdə rahat və sülh şəraitində yaşaya biləcəkləri qədər genişdir. Bu səbəbdən, Yəhudi dövləti 1967-ci ildən bəri işğal etdiyi bütün torpaqlardan çəkilməli, Qərbi Şəriyə və Qəzzada suveren Fələstin dövlətinin qurulmasını qəbul etməli və bu dövlətlə dostluq münasibətləri quraraq həm fələstinlilərlə, həm də bütün ərəb dünyası ilə barışmalıdır.
Bununla yanaşı, dindar yəhudilərin Rəbbimizin Quranda da bildirdiyi nəsihətlərə itaət etməsi və bütün yəhudiləri Allah'ın əmr etdiyi gözəl əxlaqa dəvət etməsi böyük əhəmiyyət daşıyır.
Allah xristianlara və müsəlmanlara olduğu kimi, yəhudilərə də ədaləti, dürüstlüyü, məzlumun haqqını qorumağı, sülh və sevgini əmr etmişdir. Buna görə də bəzi radikal yəhudilərin radikallığı Tövratla ziddiyyət təşkil edir: qatillərin sui-qəsdinə fikir verməmək və pisliyə göz yummaq Tövratda yəhudilərə bildirilən hökmlərdir (Yeşaya, 33: 15). Unutmaq olmaz ki, şiddət və təcavüzkarlıq ehtiva edən, rahatlıq və nizamı pozan heç bir ideologiyanın müvəffəqiyyət qazanması mümkün deyil. Şiddət həmişə dağıntı gətirir. Radikalların yanlış davrandıqlarının ifşa edilməsi bir çox insanı təsir altına salmalarına mane olar və hətta özlərinin də doğrunu görmələrinə vəsilə olar.
Bu səbəbdən, səmimi olaraq Allah'a iman gətirən yəhudilər radikal yəhudiləri də bu təhlükədən qorumaq üçün kitablarındakı haqq hökmlərə itaət etməli və sülh tərəfdarı olmalıdırlar. Tövratda sülh, sevgi, mərhəmət və gözəl əxlaq belə bildirilir:
Məhkəmədə haqsızlıq etməyin. Nə yoxsula üstünlük verin, nə də varlıya meyil salın, amma bir-birinizi ədalətlə mühakimə edin. Xalq arasında xəbərçilik etməyin; qonşunun qanının tökülməsini istəməyin... Öz xalqınızdan olan heç kəsdən qisas almayın, heç kimə kin saxlamayın. Lakin qonşunuzu özünüz kimi sevin... (Levililər, 19: 15-18)
Ey insanlar, Allah sizə yaxşı olanı bildirdi. Rəbb sizdən bundan başqa nə istəyir ki? (Mikeya, 6: 8)
Qətl törətmə. Zina etmə. Oğurluq etmə. Heç kimə qarşı yalan şahidlik etmə. Heç kimin evinə tamah salma... (Çıxış, 20: 13-17)
Hal-hazırda istər sülh tərəfdarı olan İsrail vətəndaşlarının, istərsə də dünyanın digər ölkələrində yaşayan yəhudilərin əksəriyyətinin radikalizmə qarşı çıxması çox əhəmiyyətlidir. Səmimi olaraq iman gətirən yəhudilər qətl törətməməyin, hökmdə haqsızlıq etməməyin, qisas almamağın, qan tökməməyin Tövratdakı əmrlər olduğunu unutmayaraq, yəhudilik adı altında davam etdirilən radikallığa qarşı mədəni və fikri mübarizədə iştirak etməli, bu mövzuda vicdanlı xristian və müsəlmanlarla birləşməlidirlər. Yəhudi radikalizminə qarşı fikri mübarizə aparmaq yarım əsrdən artıq davam edən Fələstin probleminin ədalətli şəkildə həll edilməsinin əhəmiyyətli yollarından biridir. Ancaq o zaman yəhudilərin və müsəlmanların (və əlbəttə, xristianların) bölgədə rahat və bir yerdə yaşaya biləcəkləri bir mühit yaradıla bilər. Hüzuru, sevgini, mehribanlığı, anlayışı əmr edən əsl din əxlaqının yaşanması ilə Fələstin və İsrail torpaqlarında sülh mühiti bərqərar olar. Unutmamalıyıq ki, həm yəhudilər, həm də müsəlmanlar tarix boyu ən böyük zülmü din əxlaqına uyğun olmayan ideologiyaların müdafiəçilərindən görmüşlər. Müqəddəs kitab bütpərəstlərin yəhudilərə etdikləri qorxunc zülmləri izah edən keçidlərlə doludur. Ateist və dinsizlərin (məsələn, nasistlərin, antisemit irqçilərin və ya Stalin Rusiyası kimi kommunist rejimlərin) yəhudilərə tətbiq etdiyi soyqırım və zülmlər göz qabağındadır. Dinsiz qüvvələr yəhudilərdən Allah'a inandıqları üçün nifrət edirlər və buna görə onlara zülm edirlər. Həm müsəlmanlara, həm də yəhudilərə düşmən olan din əleyhdarına qarşı iki dinin mənsubları bir yerdə olmalı, bu birliyə mane olan radikalların təlqinlərinə aldanmamalıdırlar.