Müsəlmanların iki ilahi dinin mənsublarına sevgisi və şəfqəti
Müsəlmanlar həm yəhudiliyi, həm də xristianlığı Allah’ın vəhyi ilə yaranmış İlahi din kimi qəbul edirlər. Kitablarını tanıyırlar. Onları inkarçılarla, bütpərəstlərlə bir tutmur, əksinə, kitab əhli adlandırır və onların inanclarına anlayış və hörmətlə yanaşırlar.
Əlif, Lam, Mim. Bu, qətiyyən şübhə doğurmayan, müttəqilərə doğru yol göstərən bir kitabdır. O kəslər ki, qeybə iman gətirir, namaz qılır və Bizim onlara verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər; O kəslər ki, sənə nazil olana və səndən əvvəl nazil olanlara iman gətirir, axirətə də yəqinliklə inanırlar. (Bəqərə surəsi, 1-4)
Bu ayələrdə müsəlmanlar həm hz. Muhəmmədə (səv) endirilən Qurana, həm də ondan əvvəl endirilən kitablara iman gətirən insanlar kimi təsvir edilirlər. Əvvəlki kitablar Quranda hz. İbrahimin (əs) səhifələri, hz. Musaya (əs) endirilən Tövrat, hz. Davuda (əs) endirilən Zəbur və hz. İsaya (əs) endirilən İncil kimi bildirilir. Bu kitablar bəzi insanlar tərəfindən təhrif edilmişdir, bu səbəbdən, bəzi hissələrində haqq dindən uzaq izahlar var. Bununla bərabər, Allah’a və axirət gününə iman gətirmək, şirk qoşmamaq, gözəl əxlaq göstərmək kimi haqq dinə uyğun əmrləri ehtiva edən hissələr də günümüzə qədər gəlmişdir. Bu kitabların içində nəyin haqq, nəyin təhrif olduğunu isə Qurana və Peyğəmbərimizin (səv) hədislərinə baxaraq asanlıqla anlaya bilərik.
O, sənə kitabı gerçək olaraq, ondan əvvəlkiləri təsdiqləməsi üçün nazil etdi. Tövratı və İncili də O nazil etdi – daha əvvəllər insanlara doğru yolu göstərən rəhbər olmaq üçün... (Ali-İmran surəsi, 3-4)
Başqa ayədə Allah Tövratı belə tanıdır:
Şübhəsiz ki, Tövratı Biz nazil etmişik. Onda hidayət və nur vardır. (Allah’a) təslim olan peyğəmbərlər yəhudilər üçün bununla, din xadimləri və baş keşişlər isə Allah’ın kitabından qorunub saxlanılanlarla hökm verirdilər... (Maidə surəsi, 44)
Quranda bəzi yəhudi dindarların Tövratda kəlmələrin yerlərini dəyişdirib sapdırdıqları (Maidə surəsi, 41) və öz əlləri ilə kitab yazıb sonra da: “Bu, Allah'ın vəhyidir!” dedikləri (Bəqərə surəsi, 79), yəni Allah’ın kitabını təhrif etdikləri xəbər verilir. Bəzi xristianlar isə hz. İsanı (əs) ilahlaşdıraraq (Allah’ı tənzih edirik) böyük səhvə yol veriblər. (Nisa surəsi, 171) Allah Quranda kitab əhlindən olan bəzi insanların əxlaqi səhvlərinə də diqqət çəkir. Amma bunlar Kitab əhlinin hamısının qəflət və yanılma içində olduqları demək deyil. Allah yəhudi və xristianlar arasında da Allah’a səmimiyyətlə bağlı olan dindar insanların olduğunu müxtəlif ayələrdə xəbər verir:
Hamısı eyni cür deyillər. Kitab əhli içərisində haqdan möhkəm yapışan bir camaat vardır ki, onlar gecələri səcdəyə qapanıb Allah’ın ayələrini oxuyurlar. Belələri Allah’a, axirət gününə iman gətirir, yaxşı işlər görməyi buyurur, pis əməlləri qadağan edir və xeyirxah işlər görməyə tələsirlər. Məhz onlar əməlisalehlərdəndirlər. Onların etdiyi yaxşılıqlar əvəzsiz qalmayacaqdır. Allah müttəqiləri tanıyır. (Ali-İmran surəsi, 113-115)
Həqiqətən, kitab əhlindən elələri də var ki, Allah’a müti olaraq həm Allah’a, həm sizə nazil edilənə, həm də özlərinə nazil edilənə iman gətirir, Allah’ın ayələrini ucuz qiymətə satmırlar. Onların öz Rəbbi yanında mükafatları vardır. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 199)
Buna görə də müsəlmanlar kitab əhli içərisində də səmimi iman gətirən bir çox insanın olduğunu bilir və səmimi insanlara sevgi, şəfqət və anlayışla yaxınlaşırlar. Müsəlman hər düşüncə və hər inancdan olan insana şəfqətlə yaxınlaşmalı, ona düşüncəsini ifadə etmə haqqını verməli, ibadətlərinə və ibadətgahlarına hörmət etməli, hər inanc sahibinin istədiyi kimi, azad yaşamasına imkan verməlidir. Bu, həm Quranın hökmü, həm də Peyğəmbərimizin (səv) həyatında nümunəsini gördüyümüz bir həqiqətdir. Unutmaq olmaz ki, hər insanın qəlbindəkini Allah bilir və Allah kitab əhlindən olan insanların da Öz qatında əcrlərinin olduğunu bildirir.